28.03.2013

HEYDƏR ƏLİYEV MƏKTƏBİ

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV HAQQINDA

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.
10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.


Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi
İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır ideyası ilə yaşayan görkəmli şəxsiyyətin uğurlarında sözsüz ki, həyatını bölüşdüyü Zərifə xanım Əliyevanın böyük rolu olmuşdur. Kitabı hazırlayarkən mən bu rolu böyük şəxsiyyətin səmimi sevğində gördüm, çox duyğulandım. Dahi İnsanların saf sevgisinin həmişəyaşar olduğuna və ondan böyük şəxsiyyətlər doğulduğuna bir daha əmin oldum.

...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

 HEYDƏR ƏLİYEV
28.04.1995

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN YARADILMASINDA VƏ İNKİŞAFINDA HEYDƏR ƏLİYEİN ROLU

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 
Heydər Əliyev.

Azərbaycan Respublikası on il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.
Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düçar oldu.
Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, bir milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdir.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.
Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı Qüvvələrdən həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrinə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgələrin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi bir daha sübut etdi ki, şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissi yeni mənəvi-psixoloji iqlim formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələri xidmət edən təxribatçılardan, cəsuslardan xeyli təmizlənmişdir.
Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, son illərdə hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlim və tərbiyənin düzgün qurulması istiqamətində iş səngiməmiş, onun müasir səviyyədə aparılması üçün müvafiq nizamnamələr, təlimatlar hazırlamış və tətbiq edilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Ordu quruculuğunun indiki mərhələsində Silahlı Qüvvələrdə aparılan islahatların əsas məqsədlərindən biri qoşunların Vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığa malik zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə nail olmaqdır. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun vahid plan əsasında aparılır və ardıcıl xarakter daşıyır.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sayəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri həmçinin Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar. Zabitlərimizin Amerika Birləşmiş Ştatlarında təhsil alması haqqında artıq razılıq əldə edilmişdir.
Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 1993-cü ildən başlayaraq, hərbi qulluqçuların, Müdafiə Nazirliyi sistemində işləyən fəhlə və qulluqçuların əmək haqqı artırılmış, şəxsi heyətin tibbi, ərzaq və əşya-əmlak təminatının yaxşılaşdırılması istiqamətində iş aparılmışdır. Hərbi hissələrin maddi-texniki bazaları, əsgər yataqxanaları müasir tələblərə uyğun təmir edilmiş, şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün texniki təbliğat vasitələrinin təminatına diqqət artırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərc-mərclik illərindəki siyasi oyunlardan və siyasi qüvvələrdən uzaqlaşdırılması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatının yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənməsi, vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi respublika Prezidenti Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, onun tələbkarlığının məntiqi nəticəsidir.

Materialların yazılmasında "Azərbaycan Respublikası 1991-2001" kitabından istifadə olunmuşdur.
Müəlliflər: Abdullazadə Fatma, Ələsgərov Fuad Əlirzayev Əli, Əsədov Əli, Həsənov Əli, Xəlilov Səlahəddin, Qafarov Tahir, Mahmudov Yaqub, Rəhimov Mayıl.
Kitab fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin ümumi redaktəsi altında çapa hazırlanmışdır.




AZƏRBAYCAN RESUBLİKASININ İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Heydər Əliyev

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.


ƏSRİN MÜQAVİLƏSİ

Azərbaycan Respublikasının siyasi və iqtisadi inkişafinda uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin böyük rolu vardır.  Ulu öndər bu haqda deyir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
“Əsrin müqaviləsi” çətinliklərə baxmayaraq 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.
"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.
1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2010-cu il aprelin 1-dək bu marşrutla 30 milyon 867 min ton neft nəql edilib.
Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2010-cu il aprelin 1-dək Bakı-Supsa kəməri ilə 51 milyon 586 min ton neft nəql edilib. 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2009-ci ildə bu rəqəm 50 milyon tonu keçmişdir.
Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində “Şahdəniz” və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2010-cu ilin aprel ayının 1-dək Ceyhan limanından 112,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.
Bu “əsas ixrac neft kəməri”nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaqdır.
2010-cu il mart ayının 9-da Çıraq Neft Layihəsinə sanksiya verilməsinə dair qətnamə imzalanmış və bu layihəyə 6 milyard dollar yönəldilmişdir. Layihə çərçivəsində Xəzər dənizində yeni platforma - Qərbi Çıraq Hasilat, Qazma və Yaşayış Bloklu platforma inşa olunacaq. 50-dən artıq yerli şirkət ÇNL üzrə tikinti işlərində birbaşa və dolayısı ilə iştirak edəcək. Layihənin bütün tikinti və quraşdırma işləri daxili qüvvələr hesabına icra olunacaq. Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 15 il əvvəl başlanmış işlənməsinin davamı olan Çıraq Neft Layihəsindən ilk neft haslatı 2013-cü ilə planlaşdırılır.
Çıraq Neft Layihəsi Azəri-Çıraq-Günəşli yatağından hasilatın artırılması və ümumilikdə 360 milyon barrel əlavə ehtiyatların çıxarılması üçün planlaşdırılmış bir layihədir.


HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN TƏHSİLİNİN İNKİŞAFINDA ROLU

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.
Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”. Azərbaycanlı olmağı ilə fəxr edən, özünü sadə Azərbaycan vətəndaşı kimi hiss edib müəllim adını bütün adlardan üstün tutan ulu öndər müəllimə həmişə yüksək qiymət vermiş və Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafı üçün bir çox yeniliklər etmişdir.
Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlamış, ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.
Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və onun təşəbbüsü, birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. O, təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratmışdır. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə təhsil sahəsində müstəsna əhəmiyyətə malik dövlət sənədidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmişdir.
Yaşadığımız "təhsil əsri"ndə (XXI) ulu öndərin işlərini onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  davam etdirir, ardıcıl olaraq ölkədə təhsil sahəsində məqsədyönlü islahatlar həyata keçirir.
Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.
 Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
İlham Əliyev

Təhsil sahəsində yeniliyə, inkişafa nail olmaq üçün intellektuallığı, idarəetmə qabiliyyəti və siyasi fəallığı ilə dünya siyasətçilərindən seçilən gənc liderimiz bir çox fərmanları, sərəncamlar imzalamışdır
1) “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli qərarı
2) Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
3) “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
3) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrə etməkdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
4) “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
5) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və sairə.

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planıarı sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq!
Heydər Əliyev

Ulu öndərimizin özü qədər inandığı Prezidentimiz İlham Əliyevin ölkəmizi işıqlı gələcəyə apardığına biz də inaniriq və onun siyasətini dəstələyik! İlham Əliyev cənablarına və Azərbaycanın Birincı Xanımı Mehriban Əliyevaya bütün işlərində uğurlar arzulayırıq!

İstifadə edilmiş mənbələr.
http://heydar-aliyev.org/index_az.jsp - 2.05.2013
http://www.zarifa-aliyeva.az/ - 2.05.2013
http://az.wikipedia.org/wiki/Sevil_%C6%8Fliyeva – 2.05.2013
http://az.wikipedia.org/wiki/%C4%B0lham_%C6%8Fliyev – 2.05.2013
http://azerbaijans.com/index_az.html - Azərbaycan
http://www.kur-ia.com/?p=10343